Kağızın istehsalı bəşər tarixinin ən böyük yeniliklərindən biri olmaqla sivilizasiyalararası əlaqələrin inkişafında əhəmiyyətli rola malikdir.
Salnamələrə əsasən kağız b.e.105-ci ildə Tsay Lun tərəfindən Çində meydana gəlmişdir. Ancaq 1957-ci ildə Çinin şimalında Şensi əyalətində Baotsya mağarasında aparılan tədqiqatlara əsasən kağız ilk dəfə II minillikdə hazırlanıb.
Çinlilər kağızı düzəltməyi eşşəkarılarından öyrəndiklərini deyirlər. Onlar "əsrlər boyu kağız əllə hazırlanıb, xammal kimi əski, çətənə lifi, saman, ağac qabığından istifadə etdiklərini" deyirlər.
Avropa xalqları arasında kağız istehsalını ilk olaraq ispanlar mənimsədilər. İtaliyada kağız istehsalına 1154-cü ildə, Almaniyada 1228-ci ildə, İngiltərədə 1309-cu ildə başlandı.
Azərbaycanda kağız istehsalına Avropadan xeyli qabaq başlamışlar. 9-cu əsrin sonunda Xunəc şəhərində kağız fabriki fəaliyyət göstərmişdir. Sonralar bu şəhər Kağızkunan adlandırılmışdır. Mütəfəkkir Fəzlullah Rəşidəddin də Təbriz yaxınlığında kağız fabriki tikdirmişdi.
Müasir dövrə qədər insanlar yazı üçün kağızdan əlverişli material düşünməyiblər, buna görə Tsay Lunun adı haqlı olaraq dünyanın böyük ixtiraçılarının adı ilə bir sırada çəkilir.