Güney Azərbaycanda mətbəə üsulu ilə ilk çap prosesinə 1812-ci ildə Təbrizdə başlanılsa da, Qafqaz Azərbaycanında bu proses XIX əsrin ortalarından etibarən geniş yayılmağa başladı.
1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipolitoqrafiya, 1900-cu ildə isə artıq 16 mətbəə mövcud idi.
Mətbəə avadanlıqları alınsa da, naşirlərin ən böyük problemləri hərflərlə bağlı idi. Çünki rəsmi qəzetlər Kiril qrafikası ilə olduğu üçün Qafqazdakı mətbəələrdə ərəb hərfləri tapmaq çətin idi. Həmin qəzetlərin Azərbaycan dili ilə bağlı əlavələrində istifadə olunan hərflər isə bir işə yaramırdı. Ona görə də ilk mütəşəkkil qəzet olan “Əkinçi” çap edilərkən Həsən bəy Zərdabi İstanbulun “Babi-ali caddəsi”ndə mətbuat və kitab ticarəti sahəsində çalışan həmyerlilərinin dəstəyi ilə hürufatları əldə edə bildi. Özünün müstəqil mətbəə açmaq imkanı qalmadığı üçün Həsən bəy məcbur olub aldığı hərfləri Bakı quberniyasının mətbəəsinə satdı, qəzeti də orada çap edəsi oldu.
Həsən bəydən sonra bu işə şövqlə girişən növbəti şəxslər Ünsizadə qardaşları oldu. Belə ki, 1879-cu ildə “Ziya” qəzetini nəşr etmək üçün Səid Ünsizadə mətbəə açır. Azərbaycan mətbuatı tarixində ilk şəxsi mətbəə hesab edilirdi.Bu mətbəədə “Kəşkül” jurnalını da çap edirlər.
Ünsizadələrdən sonra mətbəə və qəzet işinin bayraqdarı Məhəmməd Ağa Şahtaxtlı olur. Belə ki, Şahtaxtlı 1902-ci ildə Tiflisdə mətbəə açır, 1903-cü ildən “Şərqi-Rus” qəzetini çap edir.
İlk elektrikli mətbəəni açmaq isə Orucov qardaşlarına qismət olur. Belə ki, 1906-cı ilin yazında O.Orucov mətbəə açmaq üçün Varşavadan çap maşını gətirir. Mətbəədə Azərbaycan dili ilə yanaşı, gürcü, rus, fransız şriftlərinin də olması geniş imkanlar yaradırdı. Mətbəə yüksək texniki avadanlıqlarla təchiz edilmişdi. “Mille” markalı özüyığan maşın, “Frankental”, “Aqzburq”, “Amerikanka” markalı çap maşınları alınmışdı.
929-cu ildə respublikada 997 adda 2961700 nüsxə kitab çap olunur ki, bu 1920-ci illə müqayisədə 30 dəfədən çox idi.
Beləliklə, Azərbaycanda peşəkar nəşriyyatın qurulması Sovetlərin ilk dövrünə təsadüf edir. Çünki gərgin işləyən mətbəə hər gün sayı artan təbliğat qəzetləri, jurnalları və kitabları üçün lazım idi…